Elmar Məmmədyarov: "Ermənilərin törətdiyi son təxribatlar münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub"

 
 
"Bu ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində törətdiyi son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub".

Milletinsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib. 

Nazir qeyd edib ki, Avropa İttifaqının qonşuluq siyasətində təhlükəsizlik problemlərini müzakirə edərkən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü mütləq xüsusi vurğulanmalıdır: "Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan Silahlı Qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir".

E.Məmmədyarov bildirib ki, Ermənistan münaqişənin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir: "Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi, Ermənistan Silahlı Qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir.

Xəbərin vaxtı: 04-05-2016
Oxunma sayı: 88

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...