Prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul etdi

 
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.
Milletinsesi.info-nun xəbərinə Baronessa Nikolsonun Bakıda keçirilən XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirakını yüksək qiymətləndirən dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun sərgi iştirakçılarına ünvanlandığı məktubuna və məktubda dostluq münasibətləri ilə bağlı fikirlərinə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Böyük Britaniyanın çox yaxşı ikitərəfli münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma və qarşılıqlı dəstək yüksək səviyyədədir. Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq etdiyini deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkəmizin Böyük Britaniyanın kənd təsərrüfatı, texnologiyalar, infrastruktur layihələri və digər sahələr üzrə fəaliyyət göstərən şirkətləri ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu baxımdan birgə işçi qrupun fəaliyyətinin əhəmiyyətindən danışıb.
Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolson Baş nazir Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016” sərgisinin açılış mərasimində iştirakından məmnunluğunu ifadə edən Baronessa Nikolson ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından şərəf duyduğunu bildirib. Baronessa Nikolson Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi kimi ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Böyük Britaniyanın baş nazirinə çatdırmağı xahiş edib.

Xəbərin vaxtı: 01-06-2016
Oxunma sayı: 88

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...