Əli Həsənov: "Dəyişikliklər şəffaflığın və nizam-intizamın artırılması üçün edilib"

 
Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsinin təqdimat mərasimi keçirilib.

Milletinsesi.info xəbər verir ki, iyunun 2-də keçirilən mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov layihənin gözlənilən nəticəni verəcəyinə ümid etdiyini bildirərək deyib ki, qeyri-hökumət təşkilatları hər bir demokratik cəmiyyətdə mühüm ictimai funksiya daşıyır: "İctimai təşkilatlarda çalışaraq təcrübə toplamış şəxslər sonradan fəaliyyətlərini müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla davam etdirirlər. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur". 

Bəzi ictimai sektor təmsilçilərinin və beynəlxalq təşkilatların son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı narahatlığına toxunan Prezidentin köməkçisi deyib ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib.

Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunub. Son üç il yarımda yalnız bu iki təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib".

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2012-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, quruma xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları proqram və layihələri dəstəkləmək səlahiyyəti verilib: "Hesab edirəm ki, bizim "Vətəndaş cəmiyyəti dialoqu” layihəsinə göstərdiyimiz dəstək də həmin siyasətə tamamilə uyğundur. Əminəm ki, bu istiqamətdə Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq müsbət nəticələrini verəcək”.

Avropa Şurası Demokratiya Baş Direktorluğunun demokratik idarəetmə üzrə direktoru xanım Klaudiya Luçiani bildirib ki, Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət planının bir hissəsi olan bu layihə ilə bağlı ötən il Strasburqda maraqlı müzakirələr aparılıb. Azərbaycan Hökuməti bu layihənin reallaşmasına dəstək göstərib. Avropa Şurasına üzv olan Azərbaycanın bu qurum üçün çox əhəmiyyətli bir ölkə olduğunu deyən K.Luçiani vurğulayıb ki, vətəndaş cəmiyyəti mövzusu təmsil etdiyi təşkilatın fəaliyyətinin əsasını təşkil edir. O, məqsədi QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi və QHT-lərin potensialının artırılması olan layihənin məhsuldar və uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanın Avropa Şurası və onun strukturları ilə səmərəli əməkdaşlıq etdiyini deyən ədliyyə nazirinin müavini Toğrul Musayev qeyd edib ki, avropalı ekspertlərin iştirakı ilə son illər ölkəmizdə bu sahədə mühüm islahatlar aparılıb. Layihənin QHT və dövlət qurumları arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsindəki roluna toxunan nazir müavini vurğulayıb ki, Ədliyyə Nazirliyi də onun həyata keçirilməsinə dəstək verib, Avropa Şurasının Bakı ofisi ilə səmərəli iş aparılıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, son 10 ildə QHT-lərin sayı iki dəfə artıb.

Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç layihəni dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutlarının ölkənin iqtisadi, sosial, mədəni həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının mühüm addım olduğunu deyən Avropa Şurası rəsmisi bunun dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsi olduğunu vurğulayıb. Draqana Filipoviç deyib ki, "Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi Avropa Şurasının standartlarına tam cavab verən bir layihədir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard bildirib ki, bu layihə gözəl başlanğıcdır. "Açıq cəmiyyət uzunmüddətli inkişaf üçün vacibdir”, - deyən Malena Mard layihənin vətəndaş cəmiyyəti və hökumət arasında dialoqun inkişafında mühüm rol oynayacağını vurğulayıb. Onun fikrincə, layihənin həyata keçiriləcəyi iki il ərzində yaxşı təcrübəni bölüşmək üçün geniş imkanlar yaranacaq.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktorunun müavini Rauf Məcidli qeyd edib ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində QHT-lər aktiv fəaliyyət göstərir. 2007-ci ildə QHT-lərin inkişafı ilə bağlı konsepsiyanın qəbul edilməsindən sonra bu sahədə yeni dövr başlayıb. Şuranın fəaliyyəti barədə məlumat verən Rauf Məcidli bildirib ki, qurum QHT-lərə maddi dəstək verməklə yanaşı, onların məlumatlandırılmasında və metodik dəstək məsələsində də mühüm işlər görür.

Sonra layihə təqdim olunub. Müddəti 24 ay olan layihənin tərəfdaşları Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycanda fəaliyyət göstərən QHT-lərdir. Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi vətəndaş cəmiyyəti dialoqunun təbliğinin genişləndirilməsidir. Layihə çərçivəsində QHT və hökumət qurumları nümayəndələri üçün vətəndaş cəmiyyətinin iştirakı mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihənin təqdimatından sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbərin vaxtı: 02-06-2016
Oxunma sayı: 203

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...