Mingəçevir Dövlət Universitetində etirazlar pik həddə-ŞİKAYƏT

 
Rektor Akif Hacıyev ümumi şöbənin müdiri Lalə Hüseynovayla birləşərək, tələbələrin və müəllimlərin canını boğaza yığıblar 
«Mingəçevir Dövlət Universitetinin müəllimləri rektor Akif Hacıyevin hərəkətlərindən təngə gəliblər». Millətinsəsi.info xəbər verir ki, bunu JAM.AZ-a universitetin müəllimləri yazıblar. 
Onların bildirdiyinə görə, bütün iclaslarındakı çıxışında rektor universitetin ağası olduğunu və o nə deyərsə, onun da olmasının zəruri olduğunu vurğulayır. «Akif Hacıyev müəllimlərin üzünə deyir ki, çoxundan xoşu gəlmir və sentyabr ayında əksəriyyəti işdən çıxaracaq. Bu azmış kimi, rektor açıq şəkildə bəyan edir ki, təhsil naziri Mikayıl Cabbarov onun arxasında dayanıb və bütün işləri də onun tapşırığıyla həyata keçirir». 
Məlumat verən müəllimlər qeyd edir ki, Akif Hacıyevin «sağ əli» ümumi şöbənin müdiri Lalə Hüseynovadır. «Bəzi müəllimlər Lalə xanıma görüm-baxım edirlər. Kim ki, onun qara siyahısına düşdü vay halına. Lalə Hüseynovanın oğlu Fərid isə bütün günü rektorun otağında olur. Əksər vaxtlar o, universitetə məxsus avtomobillə şəhərdə dolaşır. Rektorla görüş zamanı Lalə xanım da mütləq içəridə olur və bütün danışıqlara müdaxilə edir. Rektora olan müraciətlərə yalnız Lalə xanımın razılığı ilə baxılır. Azərbaycan Müəllimlər Universitetinin Mingəçevir filialı ləğv edildikdən sonra, orada çalışan işçilərin müəyyən hissəsi universitetdə işə götürüldü. Lalə xanım onların bəzilərindən rüşvət alıb».
Müəllimlər yazırlar ki, son imtahan sessiyası zamanı rektor tapşırıq veribmiş ki, bütün tələbələri sıxışdırsınlar. «Buna görə də əksər tələbənin kəsri var. Yazıq tələbələr təhsil haqqını güclə ödəyirlər, qaldı ki, kəsildiyi fənn üzrə kredit pulunu necə ödəyəcəklər? İmtahanlara Lalə xanım nəzarət edir, başa düşmək olmur ki, ümumi şöbənin müdiri imtahanlara niyə müdaxilə edir. O, öz adamları imtahandan kəsiləndə onların qiymətini düzəldir».
Müəllimlər qeyd edirlər ki, Lalə Hüseynova, həmçinin universitetin yeməkxanasına da rəhbərlik edir. «Oradan gələn gəlirlər də ona çatır».
Vurğulanır ki, Akif Hacıyev işçilərə verilən əmək haqqını da öz istədiyi kimi təyin edib. Belə ki, o, öz adamlarına, xoşu gələnlərə artıq məvacib verir. «Müəllimlər bu haqsızlıqdan narazıdılar. Universitetdə bəzi adi müəllim baş müəllimdən, baş müəllim elmi dərəcəsi olandan artıq məvacib alır. Adını qoyubdur ki, guya, bunlar daha yaxşı dərs keçirlər. Lakin bu heç də elə deyil. Elə savadlı müəllimlər var ki, tələbələrin sevimlisi olsa da, daim rektor tərəfindən sıxışdırılır. Çünki onlar haqsızlığa göz yuma bilmirlər».
Yazılı şəkildə müraciət edən MDU-nun rəsmiləri sonda vurğulayıblar ki, rektor Akif Hacıyev savadlı kadrları da sıxışdırmaqla məşğuldur. «Akif Hacıyev xoşlamadığı savadlı kadrları vəzifədən kənarlaşdıraraq, öz istədiyi, elə də güclü savadı olmayan şəxsləri vəzifəyə təyin edir. Bu ad artıq ciddi narazılıqla müşahidə olunmağa başlayıb». 
Qarşı tərəfi də dinləməyə hazırıq. 

Xəbərin vaxtı: 28-06-2016
Oxunma sayı: 131

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...