Yasamalda rüsvayçılıqdır


Şahnaz Salehqızı

İbrahim Mehdiyevin günahı üzündən Yasamal xarabalığa dönüb

Bakı son on ildə ölkə prezidentinin gərgin əməyi sayəsində sürətlə inkişaf edərək dünyanın ən möhtəşəm şəhərləri sırasına daxil olub. Bunu təkcə biz yox, hətta şəhərimizə qonaq gələn hər kəs deyir. Şəhərin Səbail rayonu ərazisində aparılmış tikinti quraşdırma və yeniləşdirmə işləri başdan-başa göz oxşayır. Dənizkənarı bulvar xüsusi ilə heyrətamiz dərəcədə yaxşılığa doğru çox dəyişib. Paytaxtın qonaqları da etiraf edirlər ki, Bakı öz inkişaf tempinə görə hətta dünyanın ən inkişaf etmiş şəhərlərini belə qabaqlayır. Bakı haqqında xoş sözləri qonaqların dilindən eşitmək isə adama xüsusi ləzzət edir. Etiraf edim ki, şəhərimizin baxımlı və gözəl olması olduqca qürurvericidir. Təbii ki, şəhərimizi belə əsrarəngiz gözəlliyə çevirmiş hər kəsə, o cümlədən ölkə Prezidentinə çox böyük təşəkkür düşür.

Bütün bunlar öz yerində, amma məqsədim heç də yazıboyu paytaxtımızı vəsf etrmək yox, günü-gündən gözəlləşən Bakımızın ayrı-ayrı rayonlarında, indiki halda Yasamal rayonunda rəhbərlik tərəfindən yol verilən rüsvayçı hallardan bəhs etmək əzmindəyəm. Bəli, Bakı şəhərinin gündən-günə inkişaf etməsi və gözəlləşməsi günümüzün reallığıdır və heç kim bunu dana və yaxud inkar edə bilməz. Amma məsələ burasındadır ki, Bakıda gedən tikinti-quruculuq işləri, gözəllik və digər görkəmli işlər heç də şəhərə daxil olan rayonlarda eyni səviyyədə deyil. Məsələn, Səbail rayonu ərazisində görülmüş tikinti-quruculuq və abadlıq işləri Bakının digər rayonlarının heç birində getməyib. Düzdür, bunun obyektiv səbəbləri də var, amma bütün hallarda Yasamal rayonunda görülən işlərin keyfiyyəti çox aşağıdır. Yasamal tikinti-quruculuq və abadlıq baxımından nəinki Bakının rayonlarından, hətta bəzi kənd rayonlarından, məsələn, Xaçmaz, Şirvan kimi rayonlardan geri qalır.

Yasamal rayonunda elə prospekt və küçə yoxdur ki, orada antisanitariya mühiti hökm sürməsin! Dediklərimizi konkret faktlar əsasında ünvanını qeyd etmək üçün təkcə Yasamal rayonunda yerləşən Şərifzadə küçəsinə diqqət yetirmək və buradakı səkilərin müxtəlif vasitələrlə hansı pis kökə salındığına nəzər salmaq kifayətdir. Küçəboyu yolun hər iki kənarındakı səkilər o qədər ensizdir ki, hətta bəzi hissələrdə küçədə iki nəfərin yol keçməsi belə müşkülə çevrilir. Küçənin "İnşaatçılar” metrostansiyasına aid hissəsində isə vəziyyət o qədər acınacaqlıdır ki, buradan normal halda keçib getmək sadəcə mümkün deyil. Ən pis hal isə burada ondan ibarətdir ki, yeraltı keçid olduğu halda, əksəriyyət həmin keçiddən istifadə edib həyatının təhlükəsizliyi qayğısına qalımır. Bu işə nəzarət edən cavabdeh dövlət orqanları isə burada qayda-qanun yaratmaq əvəzinə seyrçi mövqe sərgiləyir ki, bu da yolverilməzdir.

Yasamalda güçələrin natəmizliyinin mövcudluğunu burada yaşayan insanların biganəliyi ilə də əlaqələndirmək olar. Xüsusən, yaşayış binalarının birinci mərtəbələrin və zirzəmilərin Yasamal Rayon İcra hakimiyyəti başçısının birinci müavini Səməd İslamov və digər vəzifəli şəxslər tərəfindən mənimsənilərək müxtəlif obyektlər kimi istifadə edilməsi rayon ərazisində bütün birgəyaşayış normalarını pozub. Rayondakı sosial və xidmət obyektlərinin hamısının sahibi demək olar ki, rayonda çalışan yüksək vəzifəli şəxslərdir ki, bu da haqlı olaraq əhalinin qəzəbinə səbəb olur və əhalidə ciddi narahatlıq yaradır. Hətta iş o yerə çatıb ki, rayon ərazisində yerləşən böyük obyektlərin ətrafında zibil tayaları diqqəti cəlb edir. Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev isə yaşlanıb qocaldığından yalnız evdən kabinetə və kabinetdən evə gedib-gəlməklə işini bitmiş hesab edir və hər ayın başında "hesabı”nı almaqla gün keçirir.

Xəbərin vaxtı: 30-06-2016
Oxunma sayı: 1 415

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...