Hüseyn Yusubov: “Gürcüstan parlamentindəki azərbaycanlı deputatların fəaliyyətinə sıfır veririk”


Gürcüstandakı Azərbaycan diasporunun rəhbəri, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov qonşu ölkədə keçiriləcək 8 oktyabr tarixli parlament seçkiləri ilə bağlı Modern.az saytına müsahibə verib.
Millətinsəsi.info həmin müsahibəni təqdim edir:
 
-Hüseyn müəllim, 8 oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstan azərbaycanlıları seçkilərə necə hazırlaşır?
 
-Budəfəki parlament seçkilərində Gürcüstanda bütün siyasi partiyalar üzrə 20 azərbaycanlı namizəd deputatlıq uğrunda mübarizə aparacaq. Hesab edirəm ki, seçkiqabağı kampaniya da artıq aktiv fazadadır.
Əlbəttə, biz arzu edərdik ki, 20 azərbaycanlı namizədin hamısı qalib olsun. Amma təəssüflər ki, bu mümkün deyil. Bu 20 nəfərdən 4-5 nəfərin seçilmə ehtimalı var. Bu gün biz azərbaycanlılar Gürcüstan əhalisinin 10 faizini təşkil edirik. İstərdik ki, parlamentdə o cür də təmsil olunaq.
 
-Azərbaycanlı namizədlərə təbliğat-təşviqat kampaniyasında nə cür şərait yaradılıb? Mane olan qüvvələr varmı ?
 
-Gürcüstan qanunlarına görə, bütün siyasi partiyalardan olan deputatlığa namizədlərə eyni cür şərait yaradılıb. Azərbaycanlılar da bu seçkidə ayrı-ayrı siyasi partiyalardan qatıldıqlarına görə, onlar da eyni səviyyədə təbliğat-təşviqat kampaniyasından bəhrələnirlər. İnanmıram ki, azərbaycanlıların təbliğat-təşviqat kampaniyasına maneə olmaq istəyən olsun.
 
-20 azərbaycanlı namizəddən neçəsi hakim partiyanı təmsil edir ?
 
-Azərbaycanlı namizədlərdən 3 nəfəri seçkilərə hakim "Gürcü arzusu” koalisiyasından qatılıb. Qalanları isə digər siyasi partiyalardan namizədliklərini irəli sürüblər.
 
-Bəs azərbaycanlı deputatlığa namizədlərin içində ən gənc və seçkiyə ilk dəfə qatılanlar kimlərdir?
 
- Bu dəfə parlament seçkilərinə qatılanlardan ən gənci Savalan Mirzəyev ve Samirə İsmayılovadır.  20 namizədin yarıdan çoxu isə parlament seçkilərində ilk dəfə iştirak edəcək.
 
-Azərbaycan diasporu, sizin təşkilat azərbaycanlı namizədlərə dəstək məqsədi ilə təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edirmi?
 
-Biz bu günə qədər Gürcüstandakı Azərbaycan diasporu olaraq azərbaycanlı deputatlardan heç bir dəstək görməmişik. Seçkilərin də təbliğat kampaniyasına qatılmırıq. Birincisi ona görə ki, Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) siyasi partiya deyil. İkincisi də bu gün Gürcüstanda deputatlıq uğrunda mübarizə aparan azərbaycanlı namizədlərin hamısı bir-birinə rəqibdirlər. Ona görə də hamısına eyni dərəcədə uğurlar arzulayırıq. Çalışırıq ki, bizə məsləhət üçün müraciət edən deputatlığa namizədlərə də düzgün məsləhətlər verək.
 
-Bəs deputat olmaq istəyən erməni namizədlərdən azərbaycanlılarla eyni dairədə mübarizə aparanlar varmı ?
 
-Xeyr, yoxdur. Gürcüstanda deputat olmaq istəyən və namizədliyini irəli sürən erməni namizədlər azərbaycanlılardan azdır.
 
-Parlament seçkilərindən sonra Gürcüstanda azərbaycanlılarının hansı ən mühüm problemlərinin azərbaycanlı deputatlar tərəfindən qaldırılacağına ümid edirsiniz?
 
-Bu gün Gürcüstanda bizim üçün ən böyük problemlər orta məktəblərdə müəllim kadrların çatışmazlığı, Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan universitetin olmamasıdır. İkinci ən böyük problem isə vətəndaşlıq almaqdır, miqrasiya məsələlədiridir. Üçüncü əsas problem isə Gürcüstan azərbaycanlılarının işsizliyidir.
 
-Bu günə qədər Gürcüstanda azərbaycanlı deputatlardan heç biri dediyiniz problemlərin həlli üçün hansısa təşəbbüs göstərməyib?
 
-Bu kimi ciddi milli problemlərin həllində Gürcüstandakı azərbaycanlı deputatların bu günə qədərki fəaliyyətini sıfır kimi qiymətləndiririk. Ona görə də bu kimi məsələlərdə onlarla məsləhətləşmirik.
Çünki onlar deputatlıqları dövründə bu problemlərin həlli üçün heç bir qanunvericilik və ya digər formada təşəbbüs göstərməyiblər.
 
-Azərbaycanlı deputatların Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə kömək etməsinə nə maneə olur ki? Bəlkə yerli hakimiyyətin hansısa təzyiqləri var?
 
-Azərbaycanlıların problemlərinin həllində bizim ümidlərimiz ilk dəfə namizədliklərini irəli sürmüş insanlaradır. Həmin şəxslər sözün əsl mənasında bu gün Gürcüstandakı azərbaycanlıların təhsil, dil, miqrasiya, iqtisadi sahədəki problemlərini daha yaxşı bilirlər.
Yerli hakimiyyət problemlərin həll olunmasında parlamentə hansı təzyiqləri edə bilər? Əlbəttə ki, bu məsələdə yerli hakimiyyətdən heç bir təzyiq yoxdur.
Parlament qanunverici orqandır. Parlament üzvləri də seçicilərin problemləri ilə bağlı olaraq qanun layihələrini hazırlayıb qanunverici orqana təqdim etməlidirlər.
Amma çox təəssüflər olsun ki, bu günə kimi heç bir azərbaycanlı deputat müstəqil Gürcüstan parlamentində heç bir qanun layihəsi ilə çıxış etməyib.

Xəbərin vaxtı: 23-09-2016
Oxunma sayı: 158

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...