“Bakubus”un şikayətə cavabı çox gecikmədi


Bir neçə gün əvvəl "Bakubus”a məxsus avtobusun sürücüsü ilə bağlı mətbuat səhifəsində ciddi iradların yer aldığı məlumat dərc olunmuşdu. Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məsələ ilə bağlı açıqlama verib.

"Əvvəlcə onu qeyd edim ki, bu kimi hadisələrlə bağlı şikayət olmasa belə, məlumatın olması artıq araşdırma üçün bizə əsas verir. Çünki sərnişindaşıma sahəsində insanlara yüksək xidmət göstərməyi qarşısına məqsəd qoyan "Bakubus” bu cür halların baş verməməsi və ya əvvəlcədən qarşısının alınmasında hamıdan çox maraqlıdır.

Bildirim ki, məqalədə göstərilən şikayətin məzmunu kifayət qədər ciddi araşdırma tələb edirdi. Ona görə də məlumat daxil olan kimi dərhal hadisənin vaxtı, hadisənin baş vermə yeri , avtobus və həmin sürücü araşdırma nəticəsində müəyyən olunmuş, daha sonra isə həmin avtobusda quraşdırılmış videokameraların yaddaşı götürülərək hadisənin baş vermə anı mütəxəssislər tərəfindən izlənildi.

Hazırda bu hadisənin araşdırılması davam edir və hadisə ilə bağlı ilkin təəssüratlar mövcuddur”.

M.Piriyev deyib ki, sürücü əslində böyük bir qəzanın qarşısını alıb 

"Sadəcə onu söyləmək olar ki, sürücü qaydaları pozaraq təhlükə yaradan, qəfil avtobusun qarşısına keçən avtomobilə ani reaksiya verərək əyləcdən istifadə etməklə mərkəzi yolda baş verəcək böyük bir qəzanın qarşısını alıb.

Bu videogörüntülərdən də çox aydın şəkildə görünür. Ancaq burada digər nüanslar da var ki, onlar aidiyyatı üzrə araşdırma tələb edir. Biz hadisə ilə bağlı yekun nəticənin çıxarılması və obyektiv qərarın verilməsi üçün, şikayətçi tərəfi də "Bakubus”a dəvət etmişik. Hadisənin vedogörüntüləri qarşlılqlı şəkildə izlənildikdən və nəticə aydın olduqdan sonra çox güman ki, həmin videogörüntülər mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda "Bakubus” ictimaiyyət üçün açıq təşkilat olduğundan müraciət edən sərnişinlər şikayətlə bağlı aparılan araşdırmaları əyani şəkildə görmək üçün "Bakubus”a gəlib ətraflı məlumat ala bilərlər”.

Qeyd edək ki, bir neçə gün əvvəl "Bakubus” sürücüsünün avtobusu kobud idarə etməsilə bağlı material dərc olunub. Hətta hadisə zamanı xəsarət alanların da olduğu bildirilirdi.

Modern.az

Xəbərin vaxtı: 03-10-2016
Oxunma sayı: 257

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...