QAT Gürcüstanda tədbir keçirib


Qarabağ Azadlıq Təşkilatının (QAT) təbliğat qrupu Gürcüstanda tədbir keçirib.
 
Millətinsəsi.info-nun xəbərinə görə, tədbirdə çıxış edən QAT sədrinin birinci müavini İlqar Əli bildirib ki, səfərin məqsədi Qarabağ həqiqətlərinin Gürcüstan cəmiyyətinə çatdırılmasından ibarətdir. O deyib ki, hazırda Gürcüstanda fəaliyyət göstərən erməni separatçıları tərəfindən anti-Azərbaycan təbliğatı aparılır: "Təəssüflər olsun ki, erməni separatçıları Gürcüstanda yaranmış vəziyyətdən istifadə edərək mitinq təşkil edib, qondarma rejimin bayrağını qaldırırlar. Düşünürəm ki, Gürcüstan hökuməti bunun qarşısını qəti şəkildə almalıdır. Ermənilərin yalan və böhtan xarakterli addımları Gürcüstanın özünün də maraqlarına cavab vermir. Çünki Gürcüstanın da Abxaziya və Cənubi Osetiya kimi problemi var".
 
İ. Əli qeyd edib ki, səfər zamanı Qarabağla bağlı kitablar və disklərin Gürcüstanda paylanması nəzərdə tutulub.
 
Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev çıxışında bildirib ki, Qarabağ problemi dünyada yaşayan bütün azərbaycanlıların problemidir: "Bəyan edirik ki, Azərbaycan müharibəyə başlasa, biz də müharibədə iştirak etməyə hazırıq. Gürcüstanla Azərbaycanın problemi eynidir, hər iki dövlət işğala məruz qalıb. Fikrimcə, Qarabağ münaqişəsinin həlli Abxaziya və Cənubi Osetiya problemlərinin aradan qaldırılmasına kömək edəcək”.
 
Qarapapaq Xeyriyyə Cəmiyyətinin sədri Elşad Əliyev isə çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların probleminə toxunub. O qeyd edib ki, burada əsas problem təhsil və sosial xarakterlidir: "Ancaq bunlarla yanaşı, bizim əsas problemimiz Dağlıq Qarabağ münaqişəsidir. Bu istiqamətdə biz üzərimizə düşən məsuliyyəti dərk edirik”.
 
QAT İdarə Heyətinin üzvü Qələndər İsmayılov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız hərbi yolla həll oluna bilər: "Bütün dünya qəbul edib ki, Qarabağ Azərbaycanın ərazisidir. Belə olan halda Ermənistanla hansı danışıqdan söhbət gedə bilər? 20 ildən çoxdur ki, danışıqlar aparılır, amma torpaqlarımız hələ də işğaldadır. Bu gün Azərbaycanın kifayət qədər hərbi gücü var və əminəm ki, biz müharibə yolu ilə torpaqlarımızı azad edəcəyik. Buna görə dünyada yaşayan bütün azərbaycanlılar səfərbər olmalıdır”.
 
Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Xəbərin vaxtı: 25-10-2016
Oxunma sayı: 143

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...