Ramazan Qurbanov: "Ukraynada İslam bayramlarının bir çoxu Azərbaycan diasporu sayəsində keçirilir"

Dnepr şəhər müsəlman dini icmasının sədri: Müsəlman icması Azərbaycan diasporu ilə çox yaxından əməkdaşlıq edir
Ukraynada müsəlmanlar üçün əlverişli şərait yaradılıb, heç bir məhdudiyyət yoxdur.
Millətinsəsi.info xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Dnepr şəhər müsəlman dini icmasının sədri Ramazan Qurbanov Ukrayna tarixində ilk müsəlman təşkilatları Xartiyasının imzalanmasını şərh edərkən bildirib.
"Müsəlman icması Azərbaycan diasporu ilə çox yaxından əməkdaşlıq edir. Dneprdə azərbaycanlıların sayı yalnız ukraynalılardan və rusiyalılardan azdır. Azərbaycan diasporunun sayəsində və yardımı ilə bir çox müsəlman bayramları, həmçinin Ramazan və Qurban Bayramı keçirilir", - deyə R.Qurbanov vurğulayıb.
O qeyd edib ki, Xartiyanı dini icmaların və təşkilatların nümayəndələri imzalayıb, lakin gələcəkdə müsəlman diaspor təşkilatlarının da sənədi imzalaması planlaşdırılır.
"Hesab edirəm ki, Xartiyanı imzalayacaq ilk diaspor təşkilatı azərbaycanlılar olacaq. Sənədin imzalanmasından bir gün əvvəl onlarla görüşdük və əminliklə deyə bilərəm ki, onlar bunu gözləyirdi. Azərbaycanlılar burada 10 ildir yaşamır, Ukrayna artıq onlar üçün vətən olub. Sadəcə, müsəlman dini və milli icmaların fəaliyyətinin bəzi aspektlərini müəyyənləşdirəcək sənədə zərurət yaranmışdı", - deyə dini icmanın rəhbəri bildirib.
Onun sözlərinə görə, Ukraynada müsəlmanlara əlverişli şərait yaradılıb və qayda və tövsiyələrin bəyan edilməsi buna yalnız yardım edəcək.
"Postsovet ölkələrinin müsəlman icmaları daim bir-birləri ilə ünsiyyətdə olur və informasiya mübadiləsi aparır. Bildiyim qədəriylə, bəzi ölkələrdə müsəlmanların hüquqları, hətta məscidi ziyarət etmələri məhdudlaşdırılır. Ancaq Ukraynada heç bir problem yoxdur və heç bir məhdudiyyət tətbiq edilmir. Biz hökumətdən də dəstək görürük, bəzi addımlar və qərarlar bizimlə razılaşdırılır. Bu əsl Konstitusiya və qanunlara riayət edilməsidir", - deyə R.Qurbanov vurğulayıb.

Xəbərin vaxtı: 06-12-2016
Oxunma sayı: 204

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...