Milli Məclis “vergi amnistiyası”nı qəbul etdi


Milli Məclisin bugünkü iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Millətinsəsi.info-nun məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. O, vergi borclarının silinməsi, maliyyə sanksiyalarının aradan qaldırılması haqqında danışıb. 


"Əgər vergi ödəyiciləri yanvar-fevral ayları ərzində borcun 50 faizini ödəyərlərsə, qalan 50 faizinin silinməsi təklif olunur. 2017-ci ilin yanvar mart ayları ərzində maliyyə sanksiyalarının 70 faizi ödənildiyi təqdirdə isə qalan 30 faizinin silinməsi təklif olunur”. 


 Ziyad Səmədzadə xatırladıb ki, qanun layihəsi 44 min 704 vergi ödəyicisini əhatə edəcək: 

"Bunun da 1037-si dövlət sektorunda, 43 min 667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi ilə 386.4 milyon manatın silinməsi təmin olunacaq. Bunun da 125.5 milyon manatı dövlət sektoruna, 260.9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablamalarının qaydalarının pozulmasına görə 6 min 304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətində silinməsi göstərilib. 
Mərhələli ödənişlərə adekvat olaraq 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək ”. 


Spiker Oqtay Əsədov bildirib ki, bu qanun layihəsinə görə deputatlar və öz adından ölkə prezidentinə təşəkkür edir.

 Beləliklə, qanun layihəsinin 2.1 maddəsi nəzərə alınmaqla vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçiriləcək: 

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir; 

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək; 

- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. 

Sonda qanun layihəsi qəbul edilib.
 
Qanun layihəsində ümumilikdə 640 milyon manat borcun silinməsi nəzərdə tutulub.

Xəbərin vaxtı: 30-12-2016
Oxunma sayı: 298

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...