AAAF Park-da ciddi təhlükə: Şirkət tikinti normativlərini belə pozur


Son 10 ildə - 2005-2010-cu illərdə büdcəyə gələn milyardlarla neft pullarının sayəsində ölkədə böyük tikinti bumu yaşandı. Xüsusən də Bakı şəhərində və ətraf qəsəbələrdə bu hal daha da intensivləşdi. Ancaq təəssüflər olsun ki, inkişafın ən bariz əlaməti sayılan tikinti bumu əksər hallarda şəhərin memarlıq üslubuna uyğun olmayan formada aparıldı. Əksər şirkətlər isə normativ tikinti qaydalarına əməl etmədilər. Bəzi şirkətlər isə yaranmış hüquqi boşluqdan və xaotik vəziyyətdən sui-istifadə edərək şəxsi mənfəətləri naminə daha ciddi qanun pozuntularına yol verdilər. O miqyasda ki, keçmiş sovetlər dönəmində 3 mərtəbədən artıq binanın tikintisi məqbul sayılmayan, daha dəqiqi qadağan olunan ərazilərdə göydələnlər ucaldıldı. Hətta bu azmış kimi, ağır konstruksiyalı tikintilərə ümumiyyətlə uyğun gəlməyən yerlərdə yaşayış binaları tikilərək şəhərciklər salındı.

Şəhərsalma və Tikinti Məcəlləsini kobud surətdə pozaraq hündür mərtəbəli yaşayış binaları inşa edən şirkətlərdən biri də "AAAF” İnşaat MMC-dir. 

Öncə onu qeyd edək ki, inşaat sektorunun "gənc”lərindən sayılan "AAAF” İnşaat MMC uzun müddət xırda tikinti işləri ilə məşğul olub. Əsasən Abşeron rayonunun Xırdalan şəhəri ərazisində həyət evlərinin tikintisi ilə məşğul olan şirkət sonradan fəaliyyətini genişləndirərək yaşayış binalarının tikintisinə başlayıb. Şirkətin inşa etdiyi ilk yaşayış binaları isə Bakı- Sumqayıt yolunun kənarında yerləşən "Olimp” binalarıdır. 

Böyük layıhə - Böyük maxinasiya

2011-ci ilin əvvəlində "AAAF” İnşaat MMC daha böyük proyekt üzərində işləməyə başladı. O zaman şirkətin əsas himayədarlarından sayılan "Beynəlxalq bank”-ın prezidenti Cahangir Hacıyev, Ağır Atletika Federasiyasının prezidenti, AZAL-ın sədri Cahangir Əsgərov və Abşeron RİH-nin keçmiş başçısı Zakir Fərəcov "üçbucağı”nın ortaq layihəsi sayılan "AAAF Park” Yaşayış Kompleksinin Xırdalan şəhərində yerləşən "Quşçuluq fabriki”nin 45 hektarlıq ərazisində tikintisinə başlanıldı. Xatırladaq ki, "Quşçuluq fabriki” Xırdalan şəhərinin aşağı hissəsində- Ceyranbatan çökəkliyində yerləşir. 

Qeyd edək ki, "AAAF Park” yaşayış Kompleksinin tikintisi zamanı baş vermiş kifayət qədər qanun pozuntularının və şirkət rəhbərliyinin qaranlıq əlaqələrinin olduğu barədə məlumatlar dolaşsa da, bu faktlar mətbuatda nədənsə indiyədək geniş işıqlandırılmayıb. Biz bu gündən çalışacağıq ki, faktlara söykənən məlumatlarımızın köməkliyi ilə "AAAF” İnşaat MMC-nin maxinasıyaları barədə oxucularımıza bilgi verək.

11 dəfə dəyişdirilən baş plan

Qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin kobud formada pozulduğu "AAAF Park” Yaşayış Kompleksinin inşasına başlanan zaman ərazidə mövcud olan 16 min kvadratmetrlik istifadə müddəti bitmiş tikililərin söküləcəyi planlaşdırılsa da sonradan bu bizə bəlli olan səbəblər üzündən baş vermədi. Ona görə də aidiyyatı dövlət orqanları tərəfindən təsdiqlənmiş baş plan şirkət rəhbərliyinin göstərişi ilə müvafiq dövlət qurumlarından gizli olaraq dəyişdirildi. İlkin baş planda qəbul olunmuş tikinti normativinə uyğun olaraq binalar arasında məsafə azaldıdı, fövqaladə vəziyyətlər zamanı yaranmış vəziyyəti önləmək üçün daxili yol xəttlərinin bir qismi isə ləğv edildi. Ləğv olunmuş yolların və qısaldılmış məsafələrin hesabına əldə olunan ərazilərdə isə 5-7 mərtəbəli yaşayış binaları tikildi.  

Yüksək vəzifəli "krışa”ların mövcudluğunu hər an daha yaxından hiss edən şirkət rəhbərliyi qanunsuz əməllərini günü-gündən daha da artırdı.

AzToday.az-ın əldə etdiyi məlumata görə kompleksdə tikintilərin icraatı zamanı bir çox layihələrdə ətraflı məlumatlar verilməyib. Əks halda heç cür inandırıcı gəlmir ki, normativ qaydaların kifayət qədər pozulduğu layihələr ekspertizalar tərəfindən qəbul olunsun. Əgər belədirsə də deməli şirkət öz qanunsuz əməllərinə rəsmi qurumları da ortaq edibdir.

2014-cü ilin yayı və "səlahiyyətli” nümayəndə

"AAAF” İnşaat MMC-nin qanunsuzluqları o qədərdir ki, bunu bir məqaləyə sığışdırmaq sadəcə mümkün deyil. Şirkətin inşa etdiyi "AAAF Park” Yaşayış Kompleksinin təməli qoyulandan Şəhsalma və Tikinti məcəlləsinin 3.0.1, 3.0.2, 3.0.3, 3.0.4, 3.0.5, 3.0.6, 3.0.7, 3.0.8 və eləcə də digər maddələri açıq-aşkar pozuldu. (Bu barədə ayrıca olaraq xüsusi yazımız olacaq) Ancaq böyük vəzifə sahiblərinin himayə etdiyi şirkət qanunsuz əməllərini davam etdirdi. Ta o zamana qədər ki, 2014-cü ilin yayında şirkət direktorunun kabinetində FHN-nin "xüsusi” nümayəndəsi qəfil peyda oldu. "Xüsusi” nümayəndə ilə xoş alınmayan söhbətin sonunda "AAAF Park” Yaşayış Kompleksində aparılan bütün tikinti Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən dayandırıldı. Bu azmış kimi Geoligiya və Geofizika İnstitunun mütəxəssis qrupu tərəfindən kompleksin yerləşdiyi Ceyranbatan çökəkliyinin geoloji analizinin tətbiqinə başlanıldı. 

"Daşın qayaya rast gəldiyi” şirkətin arxasında olan böyük vəzifələ şəxslərin çınqırını çıxarmamalarından bəlli idi. Həm də ortada şirkət direktorunun "səlahiyyətli” nümayəndəyə qarşı etdiyi kobudluqdan doğan böyük və ağır PRİNSİP var idi. 

Hətta o dərəcədə ağır ki, bu prinsipi aradan qaldırmaqdan ötrü tərəziyə qoysaq tərəzinin digər gözünə bir neçə milyon manat qoymaq mütləq idi...

    //aztoday.az

Xəbərin vaxtı: 05-01-2017
Oxunma sayı: 1 327

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...