Azərbaycanın Ukraynadan aldığı yük təyyarələri sertifikasiya prosesindədir


Azərbaycanın Ukraynanın "Antonov" aviakorporasiyasından aldığı hərbi yük təyyarələri sertifikasiya prosesindədir.

Bu barədə Fransanın "Les Echos" nəşri yazır.

"Hazırda Ukraynanın "Antonov" korporasiyası diqqətini "An-178" tipli hərbi təyyarənin istehsalına yönəldib. Bu təyyarə xarakteristikalarına görə "Embraer KC-390" modelinə çox bənzəyir. Belə ki, təyyarə ilə 100 nəfər sərnişin və 16 ton yük daşına bilər. Layihənin reallaşdırılmasına 2010-cu ildən etibarən başlanıb. Lakin Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi layihəni təhlükəyə atdı. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Azərbaycandan daxil olan sifarişlərin hesabına layihəni xilas etmək mümkün oldu. Belə ki, Səudiyyə Ərəbistanı 30, Azərbaycan isə 10 ədəd təyyarə sifariş verib. Hazırda təyyarə sertifikasiya prosesindədir. Təyyarələr 2018-ci ilin ortalarından etibarən sifarişçilərə çatdırılacaq", - deyə nəşr yazır.

Xatırladaq ki, 2016-cı ilin iyun ayında "Antonov" korporasiyası və Azərbaycan tərəfi arasında 10 ədəd "An-178" təyyarələrinin satışına dair müqavilə imzalanıb. O zaman Ukrayna mətbuatı bildirib ki, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib. Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.

Qeyd edək ki, "An-178" hərbi nəqliyyat təyyarəsidir və ilk uçuşunu 2015-ci ildə həyata keçirib.

(apa.az)

Xəbərin vaxtı: 07-01-2017
Oxunma sayı: 267

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...