Gədəbəy sakini: "Mal bazarı əlimizdən alınıb"

Mal bazarı.
«Gah dedilər, yol təmir olunur, gah dedilər, bazar yoldan keçən maşınlara mane olur... Beləcə, bəhanələrlə bazarı yolun o biri tərəfinə köçürtdülər, sonra da özümüzü yaxın buraxmadılar».

Gədəbəy sakini Alparslan Cəfərli 3 il əvvələdək sahibi olduğu heyvan alqı-satqısı bazarına yaxın düşə bilmir. Deyir, 3 il öncə rayonun icra hakimiyyətinin başçısı müxtəlif bəhanələrlə bazarı yerləşdiyi Novosaratovka kəndindəki yolun üstündən yığışdırıb. Başçı sahibkara yeni ərazidə bazarı əvvəlki qaydada işlədəcəyini söz versə də, sonradan sözünü tutmayıb. İndi bazarı başqaları işlədir:

«Özüm müharibə veteranıyam. O bazar yeganə dolanışıq yerimiz idi. Ora Gədəbəyin müxtəlif kəndlərindən və qonşu rayonlardan xırda, iribuynuzlu heyvanlar gətirib alqı-satqı edir, bizə də yerpulu verirdilər. Ekologiyadan, başqa qurumlardan hər bir sənədimiz, icazəmiz vardı. Hər bir işimiz qanuni olduğu halda, bizi bazardan məhrum etdilər. 3 ildir ki, yazmadığımız qurum, döymədiyimiz qapı qalmayıb. Gedirik başçının yanına, deyir, «bazar sənindir, get, işlə». Gəlirəm bazara, deyirlər, «başçı buranı başqasına verib»».

Alparslan Cəfərliyə məxsus bazar köçürülərkən yolda abadlıq işləri aparılacağı deyilsə də, deməsinə görə, 3 il keçməsinə baxmayaraq, yolda heç bir təmir, abadlıq işi aparılmayıb. O da aldadıldığını başa düşüb.

Millətinsəsi.info-nun məlumatına görə, Gədəbəy rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Alparslan Cəfərlinin sahibi olduğunu iddia etdiyi və Novosaratovka yolunun kənarında yerləşən bazar qanunsuz fəaliyyət göstərib. Üstəlik də, bazarda gigiyena və sanitariya tələblərinə əməl olunmayıb. Həm də bazarın fəaliyyəti ərazidən keçən avtomobillərin hərəkətinə mane olub. Bütün bunlara görə heyvan bazarı alqı-satqıya əlverişli olan yeni əraziyə köçürülüb və fəaliyyətini davam etdirir. Qurumdan bildirilib ki, Alparslan Cəfərli heyvan alqı-satqısı ilə məşğul olmaq istəyirsə, həmin ərazidə məşğul ola bilər. Bazara heyvan gətirənlərdən yerpulu almaq isə qanunsuz olduğundan buna imkan verilməyəcək.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 366

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...