Hicran Hüseynova uşaqlarla bağlı statistika AÇIQLADI


"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
Heydər ƏLİYEV
 
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Onları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək həm çətin, həm də qürurverici bir işdir. Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də böyük məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri böyüməkdə olan nəslin keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə yaşaması üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Azərbaycanda uşaqların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri "Uşaq Hüquqları haqqında Konvensiya”dır. Ölkənin bu beynəlxalq müqaviləyə qoşulması uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdir.
 
Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarında, yurd yerlərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmamışdır. Doğrudur, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur. Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurdundan didərgin salmış təcavüzkar Ermənistan Respublikası hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq, işğal etdiyi əraziləri azad etmək istəmir. Bu hərbi münaqişə zamanı yüz doxsan üç uşaq qətlə yetirilmişdir, yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olmuşdur. 61 uşaq itkin düşmüş, 27-si isə hələ də əsirlikdədir. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur. Ümid etmək istərdik ki, Azərbaycanın bu qaçqın-köçkün övladları yaxın vaxtlarda özlərinin bu gözəl bayramlarını doğma yurdlarında qeyd edəcəklər. Buna dünyanın bütün uşaqları kimi onların da haqqı var! Və bu arzunun gerçək olması üçün ölkə başçısı cənab İlham Əliyev çox mühüm addımlar atır. Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın keçirdiyi ilk müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr olunmuşdu. Vitse-prezident bildirib ki, dövlət proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Hazırda əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlarına qayıtmaq. Və bu ilin yanvar ayında Azərbaycan Prezidentinin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam hər birimizdə, xüsusilə evlərindən, ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızda böyük inam yaradır. 
 
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunurlar. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir.
 
Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Və bu arzu öz real həllini tapır. Belə ki, son illər ərzində rayonlarda və bölgələrdə üç mindən çox orta məktəb, altı yüzdən çox xəstəxana, tibb məntəqələri, qırx olimpiya və onlarla gənclər mərkəzi tikilib istifadəyə verilmişdir.
 
"Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır”, - deyən ölkə rəhbərinin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. Müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Bununla bağlı qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədiilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir.
 
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” sənədlər və bir sıra digər dövlət proqramları, eyni zamanda tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı başqa sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər qəbul edilmişdir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə rəhbərinin sərəncamı olmuşdur. Bu sənəd eyni zamanda yuvinal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər.
 
 Bu, ilk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər. Bu sahədə çoxlu qanun və onlara dəyişikliklərin qəbul olunmasını nəzərə alaraq implementasiyası ilə bağlı hakimlər, vəkillər üçün xüsusi təlimlər keçirilir. Və artıq müsbət nəticələrə nail olunmuşdur. Uşaq hüquqları haqqında Konvensiya üzrə 2015-ci ildə 3506, 2016-cı ildə isə 4654 məhkəmə qərarı çıxarılıb. Əlbəttə ki, bu sahədə gələcək hədəflərin müəyyən edilməsi də vacib məsələlərdəndir. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. "Uşaq Məcəlləsi” ilə bağlı ilkin hazırlıq prosesi aparılır.
 
Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi komitəmiz mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmişdir. Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. "Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində yüzlərlə təhsil ocaqları tikilib istifadəyə verilmişdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidənqurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, "Təhsilə dəstək” və "İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Fondun prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki sağlamlığında problemi olanlara xüsusi yardım göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı” və "Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. Məlumat üçün qeyd edək ki, 2012-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılımışdır. Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır. Bunun nəticəsində uşaq problemlərinin dəqiq statistikası müəyyənləşərək həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsi işi aparılacaq. Eyni zamanda erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər həyata keçirilir. Lakin Mehriban xanımın sözləri ilə desək "Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz”. Buna görə də ailələrimiz çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, hər kəs öz məsuliyyətini dərk etməlidir.
 
Vacib məsələlərdən biri də uşaqların sağlam həyat tərzi keçirmələridir. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və bədən tərbiyəsi ilə məşğul olurlar. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq” layihəsi nəticəsində şagirdlər ölkəmizin müxtəlif şəhər və rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edir, yeni dostlar qazanırlar. Mütəmadi olaraq kütləvi informasiya vasitələrində uşaq hüquqları haqqında maarifləndirici verilişlər təşkil olunur, audiomateriallar səsləndirilir. Bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qrupları, eyni zamanda zərərçəkmiş uşaqlarla profilaktiki işi təşkil edir, onlara lazımi psixoloji və hüquqi yardımlar göstərir. Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə 2016-cı ildə mərkəzlərin nəzdində olan xidmətlərdən ümumilikdə 4351 uşaq istifadə etmişdir.
 
Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Uşaq Forumlarının rolu xüsusi qeyd olunmalıdır. İki ildən bir keçirilən uşaq forumlarında uşaqlar sərbəst şəkildə mühüm problemlərə münasibətlərini bildirir, öz həmyaşıdlarının qayğı və problemlərini ictimailəşdirirlər. Onların irəli sürdükləri təklif və məsələlər dövlət məmurlarının və parlament üzvlərinin müzakirəsinə verilir. Hazırda IV Uşaq Forumuna hazırlıq gedir. Eyni zamanda növbəti il BMT-nin müvafiq komitəsi qarşısında Uşaq Hüquqları üzrə ölkə hesabatı veriləcək. Hazırda bununla bağlı ciddi işlər aparılır. 
Uşaqların böyüməsi, inkişafı bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Azərbaycan Hökuməti bir sıra ölkələrin aidiyyəti dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir. Qeyd etmək istərdim ki, BMT-nin Uşaq Fondu, Heydər Əliyev Fondu ilə birgə keçirilən Ümumrespublika Uşaq Forumlarını, məişət zorakılığı, erkən nikah, təhsildən yayınma hallarının qarşısının alınması və digər layihələr həm milli qanunvericiliyin güclənməsində, həm də maarifləndirici işlərin reallaşmasında xüsusi əhəmiyyətə malikdir. Ölkədə küçə uşaqlarının, nikahdan kənar doğumun qeydiyyatı, erkən nikah halları üzrə vəziyyət araşdırılmış, "Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: Mövcud vəziyyətin təhlili və problemin həlli yolları” mövzusunda sosioloji tədqiqat keçirilmişdir. Bununla əlaqədar olaraq təklif və tövsiyələr hazırlanmışdır. Eyni zamanda Avropa Şurası Parlament Assambleyasının müvafiq komitəsi ilə əməkdaşlıq çərçivəsində uşaqların hüquqlarının qorunması və onların səlahiyyətləndirilməsi üzrə məlumatlandırıcı və maarifləndirici kampaniyalar da keçirilməkdədir. 
 
Uşaqların sağlam və xoşbəxt böyüməsi həmişə aktual olmuşdur, lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Əlbəttə ki, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlərdən biridir. 
Uşaq nəslin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.
 
Hicran HÜSEYNOVA,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

Xəbərin vaxtı: 01-06-2017
Oxunma sayı: 152

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...