Heydər Əsədovun nazirliyində nə baş verir? - İTTİHAM VAR

Картинки по запросу heydər əsədov
Ömrü boyu ticarətlə məşğul olmuş Mübariz Ağayev nazirlikdə hansı aqrar siyasət təklifləri vermək imkanına malikdir?

Millətinsəsi.info bildirir ki, «Təzadlar»ın Araşdırma Qrupunun dövlətin indiki aqrar siyasəti prizmasından yanaşıldıqda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin lazımsız bir dövlət qurumu olduğu qənaətini ortaya qoyduğu yazıları ciddi reaksiya doğurmaqdadır.

Redaksiyaya zəng edən sahə mütəxəssisləri bu araşdırmanın davamlı olmasını xahiş etməklə, həm də dövlət büdcəsinə əlavə yük olan bir sıra digər dövlət qurumlarının ixtisar edilməsini vacib sayırlar. Ötən yazıdan da bəlli oldu ki, məsələn, xərcləri 16 milyard 600 milyon manat olan bu ilin (2017) dövlət büdcəsindən ordu quruculuğuna 1 milyard 615 milyon manat ayrıldığı halda, bunun yarısı qədər, yəni 822 milyon manat vəsait də nazir Heydər Əsədovun birbaşa məşğul olmalı və problemlərini həll etməli olan, əhalisi təxminən 10 milyon olan Azərbaycanın aqrar sahələrinə ayrılıb. Adambaşına təxminən 822 manat! Halbuki dövlət bu vəsaiti elə əhalimizin daha çox ərzaq istifadə edən hissəsinə (körpələri və digər azyeyən kateqoriyalıları, miqrasiya edənlərimizi çıxsaq) adambaşına təxminən 1600 manat pul düşər.

«Sahəni özüm şumlayır, toxumu özüm alıramsa, özüm səpib özüm də suvarıb sonra özüm də biçib tədarük edirəmsə, daha o nazirlik kimə lazımdır?»

Redaksiyamıza zəng edən tanınmış fermerlərdən biri maraqlı məsələyə toxundu (bəlli səbəbdən adını yazmırıq, bu il güzəştli kredit almaq növbəsindədir):
- Çox sağ olun ki, bu cür məntiqi araşdırma aparmısınız… Bəli, mən Qazax rayonunda 30 ildir bu sahə ilə məşğulam. Sahəni özüm şumlayıramsa, toxumu özüm alıramsa, özüm səpib, özüm də suvarıb, sonra özüm də biçib tədarük edirəmsə, daha o nazirlik kimə və nəyə lazımdır? Biz heç vaxt görməmişik ki, bu nazirliyin bir mütəxəssisi gəlib nə işlə məşğul olduğumuzla maraqlansın…

«Nazir Əsədov biz fermerlərin sifətini tanımırsa, taxılın məhsuldarlığına dair rəqəmi haradan götürür?»

Ən maraqlı məsələ: nazir Heydər Əsədov deyir ki, ötən il taxılın məhsuldarlığı 30 sentner olub. Nazir bunu nəyin əsasında deyir? Məsələn, mən ötən il 100 ha sahədə taxıl əkmişəm və 360 ton taxıl götürmüşəm. Məhsuldarlıq 36 sentner olub. Həmin taxılın 5 tonunu öz ehtiyaclarımıza saxlamışam, qalanını bazarda satmışam. Mənim kimi digər fermerlər də elə… Bəs nazirliyin rəsmiləri biz fermerlərin sifətini tanımırlarsa, məhsuldarlığın nə qədər olduğunu hardan bilirlər? Məncə, onlar «pripiska» edirlər və dövlətin aqrar sahəyə ayrıdığı pulu həmin o 30 sentner məhsuldarlıq hesabı ilə orta əkin sahələrinə bölüb belə bir rəqəm çıxardırlar. Məqsəd ayrılan subsidiyaları, pulları silmək, mənimsəməkdir. Cənab Prezident İlham Əliyev bu fırıldağı elə nazir Heydər Əsədovun özünə dedi…


Hanı Kənd Təsərrüfatı Nazirliyinin tanınmış mütəxəssisləri?

Bəli, bu gün nazirlikdə çalışan sahə mütəxəssislərini barmaqla saymaq olar. Vaxtilə olduqca qabaqcıl mütəxəssislər var idi, indi isə onların yerini hansısa vəzifəsinin öhdəsindən gələ bilməyib işdən çıxarılanlar tutub… İndi elə bir mütəxəssis qalmayıb. Hansına baxırsan, keçmiş icra başçısıdır və beləcə, rayonlarda iş bacarmayanları bu nazirlikdə işə götürərək kabinetləşdiriblər. Məsələn, Göyçayın, Mingəçevirin, Qubanın… keçmiş icra başçısı olmuş Mübariz Ağayev, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov, Cəbrayılın adamdöyən keçmiş icra başçısı Mahmud Quliyev, Laçının keçmiş icra başçısı Akif Səlimov, Salyanın keçmiş icra başçısı Tahir Kərimov… kimi. Onlar yaxşı işləyən olsaydılar, elə öz rayonlarında kənd təsərrüfatında irəliləyişə nail olardılar, elə taxılın məhsuldarlığını 23-25 sentnerdən 40-50 sentnerə qaldırardılar…

Əli Əhmədov havayı maaş alan məmurların ixtisar anonsunu verdi

İndi gəldik mətləbə: bəli, neft gəlirlərinin azalması fonunda Azərbaycan hakimiyyəti doğru olaraq aqrar siyasəti sərtləşdirib. Beləliklə, indi kənd təsərrüfatı sahələrinə daha bacarıqlı, dünya aqrar siyasətini bilən, digər ölkələrin kənd təsərrüfatı sahəsində məhsul istehsalı statistikasını təhlil edə bilən mütəxəssislər lazımdır. Lakin redaksiyaya daxil olan məktub və ya şərhlərdən bəlli olur ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində çalışan mütəxəssislərin, daha doğrusu, məsul vəzifə tutanların əksəriyyəti vaxtilə hansısa dövlət vəzifəsində çalışan və sonradan bu vəzifələrin öhdəsindən gələ bilmədiyinə görə işdən qovulanlardır. Aralarında icra başçıları çoxluq təşkil edir. Məsələn, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov bu gün KİV-ə açıqlamasında deyib ki, "Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur… Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.

Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyində nə işə baxır?

Yuxarıda qeyd olunan şikayətlə bağlı araşdırma apardıq. Məlum oldu ki, təkcə son 10 ildə Kənd Təsərrüfatı Nazirliyində 20-yə yaxın işdən qalmaqallarla çıxarılmış başçıları, həmçinin digər dövlət strukturlarından kənarlaşdırılan şəxsləri işə götürüblər. Onların arasında həm də Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev vardır.
Bəs Mübariz Ağayev nazirlikdə nə işə baxır? Axı o, ömrü boyu ticarətlə məşğul olub… Məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışdıq və bu və ya digər suallara aydınlıq gətirmək istədik. Çünki bir müddət əvvəl bəzi saytlar belə bir məlumat yaymışdılar ki, guya M.Ağayev nazir müavini təyin olunub… Lakin az sonra bu məlumatın dezinformasiya olduğu, qəsdən yayıldığı məlum oldu.
Elə bu və ya digər suallara aydınlıq gətirmək üçün Mübariz Ağayevin özü ilə danışmaq istədik. İş telefonu cavab vermədiyindən nazirliyin kommutatoruna zəng vurduq. Xanım kommutator saat 16:09-da zəngimizə cavab olaraq bildirdi ki, «Mübariz Ağayev işdə yoxdur…».
Sonra nazirliyin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. O, bildirdi ki, «Mübariz Ağayev nazirlikdə texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışır».

Ömrü boyu ticarət-iaşə sahəsində işləmiş keçmiş başçı kənd təsərrüfatı sahəsində hansı mütərəqqi yenilik edə biləcək?

Budur, Mübariz Ağayevin Vikipediya-da barəsində olan rəsmi məlumatlarla tanış olaq: «…2006-2007-ci illərdə Göyçay RİH-nin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İH-nin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İH-nin başçısı, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı vəzifələrində çalışıb. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd İC-də, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib».
Bəli, ömrü boyu ticarət və iaşədə çalışmış bir şəxsi birdən-birə strateji sahə olan kənd təsərrüfatı sahəsində necə məsul sahəyə işə götürmək olardı???

Mübariz Ağayevin İH başçısı işlədiyi rayonlarda taxılın məhsuldarlığı da olduqca aşağı olub, amma…

«Təzadlar» apardığı araşdırmalarda daha bir maraqlı məsələnin üstünü açdı: Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir, 2012-2015-ci illərdə Quba və nəhayət, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı olub. Dövlət Statistika Komitəsinə istinadla qeyd olunan illər üzrə kənd təsərrüfatı sahələrində iqtisadi göstəriciləri təhlil etdik. Olduqca bədbin göstəricilər mənzərəsi alındı. Bu barədə ətraflı bəhs olunacaq. Lakin hələlik qısaca deyək ki, Mübariz Ağayevin rəhbər vəzifələrdə işlədiyi illərdə həmin rayonlarda bölgə üçün strateji sahə olan taxılçılıqda məhsuldarlıq orta Azərbaycan göstəricisindən yuxarı keçməyib. Niyə? Əgər adi bir rayonda aqrar sahədə ciddi irəliləyişə nail olmayan sabiq başçı indi bu boyda Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifə tutaraq nə iş görə biləcək?
Biz hələ onu demirik ki, dövlət qulluğu olan və yalnız işə qəbulun müsabiqə yolu ilə aparıldığı nazirlikdə Mübariz Ağayev və digər sabiqlər hansı metod və şərtlərlə işə qəbul ediliblər?
Bu hələ harasıdır, məlum olur ki, qalmaqallarla işdən çıxarılan Mübariz Ağayev 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib… Axı Mübariz Ağayev 2013-cü ildə Qubada icra başçısı idi və onun 2015-ci ildə oradan necə kənarlaşdırıldığını hamı bilir… Bunu necə başa düşək?!
- Ümumiyyətlə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində neçə vurulmuş sabiq icra başçısı və şirkət rəhbəri, məmur… «sığınıcaq» tapıb?
- Bəs 10 milyon əhalisi olan Azərbaycan nazir, komitə sədri və Dövlət Xidməti rəislərinin sayına görə Fransa, Ukrayna, Belorus, Gürcüstan və Moldovadan necə seçilir?
- Azərbaycanın dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsait Fransa, Ukrayna, Belorus, Gürcüstan və Moldovanın eyni nazirliyindən hansı fərqlə irəlidədir?
- Nəhayət, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət idarəetmə aparatına ayrılmış vəsait Fransa, Ukrayna, Belorus, Gürcüstan və Moldovadakından hər 10 min nəfərə görə nə qədər fərqlidir?

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 165

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...