Azərbaycandakı məhkum uşaqlar...


Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1 iyun tarixinin 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Ondan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. 
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalayıb.. Sərəncama görə 2009-cu il ölkədə "Uşaq ili" elan olunub.
Rəsmi açıqlamalara görə, bu gün Azərbaycanda 2 milyon 600 minə yaxın uşaq var. 2017-ci ilin 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər, I və II qrup Çernobıl AES əlillərinin ümumilikdə 635 nəfər uşağı, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur.
Həmçinin, ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin 48,4 faizi uşaqlardan ibarət olmaqla, sosial yardımdan əlavə olaraq həmin aztəminatlı ailələrdəki  1 yaşınadək uşaqların (3 243 nəfər) hər birinə görə aylıq sosial müavinət də ödənilir. 

2017-ci ilin 1 aprel tarixinə 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış ümumilikdə 8 926 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət verilir.

Amma bir də bütün bu imtiyazlardan məhrum, taleyinə cinayət, həbsxana yazılan uşaqlar da var.
 
Dövlət Statistika Komitəsindən Millətinsəsi.info-ya verilən məlumata görə, 2016-cı ildə ümumilikdə 14-17 yaşlı 261 nəfər uşaq məhkum olunub.
 
Onlardan 257 nəfəri oğlan, 4 nəfəri qızdır. Bu sıradan 33 nəfər 14-16 yaşadək olanlar, 228 nəfər isə 16-18 yaşadək olanlardır.
Məhkum olunmuş uşaqlardan 218 nəfəri hər iki valideyni olan ailədə tərbiyə alanlar, 40 nəfəri bir valideyni olan ailədə tərbiyə alanlar, 3 nəfəri isə ailədən kənarda, internatda böyüyənlərdir.

Azadlıqdan məhrum edilənlərdən 46 nəfəri şagird və tələbədir, 44 nəfər işləyənlər, 171 nəfər işləməyən və oxumayanlardır. 

Hesabat dövründə məhkum olunmuş 14-17 yaşlı uşaqlar tərəfindən 11 qəsdən adam öldürmə, 19 qəsdən sağlamlığa ağır zərər vurma, 7 qəsdən sağlamlığa az zərər vurma, 12 seksual xarakterli zorakılıq hərəkətləri, 142 oğurluq, 22 soyğunçuluq, 3 quldurluq, 2 talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə, 13 xuliqanlıq, 7 narkotik və psixotrop maddələrin dövriyyəsi, 23 digər cinayətlər törədilib.

Xəbərin vaxtı: 01-06-2017
Oxunma sayı: 154

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...