Siyəzənlilər nədən narazıdır? - ŞİKAYƏT

Картинки по запросу siyəzən
«Evlər sürüşə-sürüşə bir-birinə yaxınlaşıb. Hamısı köhnə evlərdir, divarlar cadar-cadar olub». Siyəzənin Sədan kəndindəki evlər torpaq sürüşməsinə məruz qalıb. Bir aydan çoxdur ki, sürüşmə prosesi sürətlənib və bu, sakinləri qorxuya salıb.

Kənd sakini Yusif Məmmədov bu həyəcanı yaşayan ev sahiblərindən biridir. Deyir, bu ilin aprelində sürüşmə daha aktiv olub: «Burda sürüşməyən ev tapmazsan. Ərazi sürüşmə ərazisidir. Əvvəllər də olub, ancaq son vaxtlar lap güclü sürüşmə gedir. Evlərin dağılma təhlükəsi var, bunu icra hakimiyyətinin nümayəndələri də gəlib, görüb, təsdiqləyiblər».

Sürüşmənin güclənməsinə səbəb iki ildir ki, ərazidə leysanın çoxalmasıdır. Yağış torpağı yuduqca altında yaranan boşluqlar sürüşməyə səbəb olur: «Son iki ildə güclü yağışlar ara vermir. Hətta sürüşüb həyətlərə dağılan torpaq parçaları tövləmizi uçurdub. Kənddə tövləsi, hini, həyətdəki başqa yardımçı otaqları torpaq parçaları altında qalanlar var. Üç ev yerli-dibli dağılıb. Halbuki, həmin evlərin sahibləri tədbir görülməsi üçün vaxtında müraciət etmişdilər. İndi yazıqlar çadırda qalırlar. Siyəzən icra hakimiyyətinin əlindən gələn yalnız odur ki, evi dağılana çadır qursun».

Çadıra köçürülən ailələrsə ötən ay soyuqdan, bu ay isti havalarda peyda olan ilanlardan qorunmağın yolunu qohum evinə sığınmaqda görüblər.

Siyəzənin Sədan kəndində üç ev tamamilə çöküb. Yaşayış üçün təhlükəli olduğundan Fövqəladə Hallar Nazirliyi ailələrə çadır verib. 50-dən çox evdə çatlar əmələ gəlib. Çatlar arasında məsafə hər gün daha da böyüyür.

Kənd sakini Arif Abışov evin divarlarındakı iri çatlardan otaqlara soyuq və qurd-quş dolmasın deyə, divarlara taxta parçaları vurub: «Evdə körpə uşaqlar var, kənd yeridir, ilandan, kərtənkələdən qorunmaq üçün neçə aydır ki, aralanan divarları taxta parçaları ilə bağlamışam. İcra hakimiyyətindən kömək istəyirəm».

Sakinlər deyir, kənddə azı 50 ev sürüşməyə məruz qalıb. Tədbir görülməsə, həmin evlərin sakinlərini də çadır həyatı gözləyə bilər. Kömək dedikdə isə, sakinlər ya köçürülmələrini, ya da torpaq sürüşməsinin qarşısının alınmasını nəzərdə tuturlar.
(regionxeberleri.com)

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 133

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...