“Sual ünvanlanacaq yeganə qurum Maliyyə Nazirliyidir”

bitmap-img6

Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzovun nazirlərin Milli Məclisdə büdcə dəyişikliyi ilə bağlı müzakirələrə qatılmaması ilə bağlı iradına münasibət bildirib.

APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, deputatların əsas vəzifələrindən biri də hökuməti tənqid etməkdir, parlament elə bunun üçündür. İcra katibi bildirib ki, deputat olan zaman o özü də hökumət üzvlərinin büdcənin müzakirəsində fəal iştirak etməməsini tənqid edib: "Siyavuş Novruzovun hökumət üzvlərini tənqid etməsi ilə bağlı isə demək istəyirəm ki, fevralın 23-də Milli Məclisin iclasında dövlət büdcəsinin müzakirəsi getməyib. Burada söhbət qəbul olunmuş büdcəyə dəyişikliklərdən gedir. Bunlar fərqli anlayışlardır. 2016-cı ilin dövlət büdcəsi parlamentdə ötən il oktyabrda müzakirə olunaraq təsdiqlənib. Həmin iclasda da Azərbaycanın baş naziri, bütün hökumət üzvləri iştirak ediblər. Həmin iclasda hökumət üzvləri bütün sualları cavablandırıblar. Fevralın 23-də keçirilən iclasda isə həmin büdcəyə müəyyən dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Dünya və Azərbaycan parlamentinin təcrübəsində də büdcəyə edilən dəyişikliklər zamanı bütün hökumət üzvlərinin həmin iclasda mütləq iştirak etməsi tələbi yoxdur. İndiyədək Azərbaycanda dövlət büdcəsinə bir neçə dəfə dəyişiklik edilərək təkmilləşdirmələr aparılıb və bununla bağlı parlamentdə keçirilən iclaslarda heç də hökumətin bütün üzvləri iştirak etməyib”.

Ə. Əhmədov əlavə edib ki, büdcənin hazırlanması Maliyyə Nazirliyinin səlahiyyətlərinə aiddir. 

"Təbiidir ki, büdcəyə dəyişikliklərlə əlaqədar sualı ünvanlanacaq yeganə qurum Maliyyə Nazirliyidir. Milli Məclisin son plenar iclasında da maliyyə naziri iştirak edirdi. Milli Məclisdə müzakirələr zamanı hər hansı hökumət üzvünün orada iştirakı məqsədə uyğundursa, o zaman Milli Məclis rəhbərliyi lazım olan hökumət üzvlərini iclasa dəvət etməlidir. Avropa parlamentində hökumət üçün xüsusi lojalar mövcuddur. Ancaq Azərbaycan parlamentində hökumət nümayəndələri üçün xüsusi loja yoxdur.

 Hökumətin parlamentdə tam tərkibdə iştirakı üçün gərək yerlər hazırlansın. Siz Milli Məclisin son plenar iclasında hökumət üzvləri üçün nəzərdə tutulan boş yerlər gördünüzmü? Əlbəttə ki, xeyr. Həmin yerlər əvvəl kimlər üçün nəzərdə tutulurdusa, yenə də onlar əyləşmişdilər. Digər tərəfdən isə Milli Məclis rəhbərliyi tərəfindən bizə heç bir dəvət göndərilməmişdi. Dəvət gəlsəydi, biz də böyük məmnuniyyətlə orada iştirak edərdik. Bütün dünyada parlament iclasları üçün iştirakı məqsədəuyğun sayılan hökumət üzvləri əvvəlcədən dəvət edilir. Amma bizə heç dəvət yox idi. Tənqid yaxşı şeydir, ancaq yerində edilsin”.

Xəbərin vaxtı: 25-02-2016
Oxunma sayı: 152

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...