“Soyqırım” iddiası ermənilərin milli səfərbərlik düsturudur!


Nəsimi Məmmədli
 
 

Artıq xeyli müddətdir ki, ermənilərin qondarma soyqırım iddiaları regional siyasətin sərhədlərini aşaraq, qlobal siyasətin alətinə çevrilib. Bu siyasətin Türkiyə və türklər üzərində təsirlərini, qarşıda bizi gözləyən nəticələrini geniş analiz etməklə dövlət səviyyəsində konseptual yanaşma ortaya qoymağa ciddi zərurət var. Bunun üçün regionun son yüz illik tarixini sosial-iqtisadi və hərbi-siyasi münasibətlər baxımından ciddi incələyərək, xüsusilə də Osmanlı, Rusiya, İran və qərbin regionda rolundan və maraqlarından doğan geosiyasi prosesləri elmi baxımdan dəqiq öyrənərək, geniş dövlət proqramı hazırlamağa zərurət var.

 

Bu yazı ilə erməni "soyqırımı” məsələsinə deyil, bizim tarixən yaşadığımız faciələrə və itkilərə yanaşmamızdan doğan mövcud durumumuza ötəri fikir bildirmək istəyirəm. Bəzi suallar var ki, onları konkret cavablandırmaq, həllinə yönəlik təkliflər vermək və həllinə nail olmaq vacibdir. Faciəli tarixlərimizdən ibrət götürməyimizə əngəl olan səbəblər nədir? Düşüncələrimizin önündə dayanan bu görünməz səddi aşmaq mümkündürmü? Toplumu düşdüyü durumdan xilas olmağa istiqamətləndirmək mümkün olacaqmı? Əlbəttə, bu suallara başqa yazılarımızda ətraflı cavab tapmağa, sosial-siyasi aspektdən analiz etməyə çalışacağıq.

 

Hər kəsə bəllidir ki, ermənilərin və havadarlarının bu qondarma "soyqırım” iddiaları hansısa tarixi faciənin acısından, yaralarından deyil, siyasi məqsədlərindən qaynaqlanır. Tarixçilər, politoloqlar və siyasətçilər zaman-zaman bu siyasi səbəbləri açmağa, əsl gerçəkləri dünyaya çatdırmağa çalışıblar. Bu 100 illik tarixə nəzər salsaq görərik ki, "Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi yönündə "soyqırım” iddiası və onun tanıdılması siyasəti bütün dünya ermənilərini birləşdirən, həmrəy və səfərbər edən əsas paradiqmaya çevrilib. Erməni milli varlığını və müasir erməni dövlətçiliyinin siyasi-ideoloji sütununu bu yanaşma təşkil edir. Görünən budur ki, qondarma "soyqırım” iddiası ermənilərin milli özünüqoruma düsturudur.

 

Əsrlər boyu türk torpaqları kimi mövcud olmuş ərazilərdə öz dövlətini yaratmağa nail olmuş ermənilər, hər tarixi fürsətdən maksimum istifadə edərək, ərazilərini bizim torpaqlar hesabına daha da genişləndirməyə çalışıblar. Bu qonşumuz, müstəqilliyimizi yenidən bərpa etdikdən sonra da ərazilərimizin bir hissəsini Rusiya ordusunun birbaşa dəstəyi və iştirakı ilə işğal etməyə nail olub. Hərbi-siyasi hazırlığımız yetərli olmadığı üçün ərazilərimiz işğal olunub, şəhərlərimiz və kəndlərimiz tamamilə yerlə-yeksan edilib, minlərlə soydaşımız qətlə yetirilib, insanlarımız öz yurd-yuvasından didərgin düşüb. Sülh təşəbbüsləri, diplomatik cəhdlər səmərə vermədiyi üçün ermənilər hələ də ərazilərimizi işğal atıinda saxlamağa və milli heysiyyatımızla oynamağa davam edir.

 

 

Səbəbləri aradan qaldırmağa deyil, bəhanələr axtarmağa meylliyik


Ən yaxın qonşularımız Rusiya və İranın Ermənistana hərtərəfli hərbi-siyasi dəstəyi həmişə olub və yəqin ki, bundan sonra da davam edəcək. Biz, bu durumu olduğu kimi qəbul etməli və toplumu bu gerçəkləri dərk edərək yaşamağa hazırlamalıyıq. Ermənilərin hər tarixi fürsətdə niyə həmişə bizi hədəf seçdiyinin, torpaqlarımıza göz dikdiyinin səbəblərini təkcə düşmənçilikdə və məkrli qonşularımızın dəstəyində deyil, həm də daha çox özümüzün-özümüzə olan münasibətimizdə axtarmalıyıq. Görünən budur ki, ermənilər bizim zəif yerimizi dəqiq tapıb və özü üçün asan hədəf seçib.

 

Türkün keçmişi, tarixə hökm edən rolu, çoxsaylı imperiyalar yaratması və fərdi qəhrəmanlıqları haqqında oxuduğumuz, eşitdiyimiz faktların heç biri bizi bu bəlalardan qorunmağa hazırlaya bilməyib. Həm ərazicə, həm sayca, həm də tarixi naliyyətləri və təbii sərvətləri ilə qat-qat bizdən aşağı olan, zəif qonşumuza üstün gələ bilməmişik. Ermənilər dədə-baba torpaqlarımızda özlərinə dövlət qurub və nəyin sayəsində olmasına baxmayaraq bizə meydan oxumaqda davam edir.

 

Fərdlər öz acizliyini, savadsızlığını, bacarıqsızlığını ört basdır etmək üçün müxtəlif bəhanələr axtarıb günahı başqalarının üstünə atdığı kimi, təəssüf ki, bizim toplum da öz məğlubiyyətinin əsas səbəblərini pərdələmək üçün beynəlxalq gücləri, güclü qonşularımızı günahlandırmaqla özünə təsəlli verib. Ümummilli iradənin azad və şəffaf şəkildə idarəetməyə daşınmasına əngəl olan bütün açıq və gizli təşəbbüslərə toplumun seyriçi qalması ölkənin inkişafına, təhlükəsizliyinə problem olaraq qalır. Hökumətin çoxsaylı istedadlı və bacarıqlı insanlarımızın önünə çəkdiyi nəhəng süni səddin qaldırılmasına toplumun reaksiyası yox səviyyəsindədir. Halbuki, problemlərimizin, məğlubiyyətimizin köklü səbəbləri daha çox toplumun təbii yolla ələkdən keçməsinə imkan verilməməsi və toplumun buna müqavimət göstərməməsidir.

 

Ermənilər əzəli türk torpaqlarında özlərinə dövlət qurmağa nail olsalar da, demokratik idarəetmə və tərəqqi istiqamətində elə də böyük nailiyyətlərə imza atmayıblar ki, onlara həsəd aparaq. Onlarda da işsizlik, yoxsulluq, korrupsiya və rüşvətxorluq baş alıb gedir, ədalətli cəmiyyət, şəffaf idarəçilik, azad seçki və insan haqları sahəsində problemlər hökm sürür. Problemlərin oxşarlığı baxımından elə də ciddi fərqimiz olmasa da, dövlətçilik üçün çox vacib bir məsələdə onlar bizdən xeyli öndədirlər.

 

Erməni cəmiyyətinin vahid birlik düsturu var və bütün cəmiyyət bu düsturu könüllü qəbul edib. Erməni xalqı öz mövcudluğunu, təhlükəsizliyini və həmrəyliyini bu düsturla həll edə bilir. Daxili siyasətdə milli maraqlarının bütün elementlərini kollektiv dərk edərək qoruyan ermənilər, xarici siyasətdə də öz milli mövcudluğunu, dövlət maraqlarını ardıcıl, sistemli, konüllü lobbiçiliklə həyata keçirirlər. Ermənilərin milli iradəsi Ermənistanın müstəqilliyindən asılı olmayaraq və mövcud sərhədlərindən çox uzaqda da üstün qüvvəyə malikdir.

 

Təəssüf ki, biz hələ də çoxluğun könüllü qəbul ediləcəyi bu ortaq düsturu tətbiq edə bilmirik. Hökumət toplumu yalnız öz ideoloji atributları ətrafında birləşdirmək üçün səmərəsiz cəhdlərini davam etdirir. Faktiki olaraq hökumətin dövlət marağına səriştəsiz və mövsümi yanaşması səbəbindən dövlətin təməlli və qalıcı ideoloji birlik düsturu yoxdur. Bu gün toplumu öz ətrafında birləşdirə bilən təbii dəyərlərin möhkəmləndirilməsinə deyil, dağıdılmasına yönəlik sistemli çalışmalar mövcuddur.


Xəbərin vaxtı: 24-04-2016
Oxunma sayı: 200

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...